ELM VƏ TƏHSİL
MDU-da “Tyutor xidməti - 2024” təlimləri çərçivəsində seminarlar keçirilib
Bakı, 30 avqust, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən “Tyutor xidməti - 2024” təlimləri uğurla davam edir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim proqramı çərçivəsində müxtəlif mövzularda seminarlar keçirilir.
Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova, Tədris şöbəsinin müdir müavini Səbuhi Qəhramanov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev, Təhsil fakültəsinin akademik məsləhətçisi Afiqə Əhmədova, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva və İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova təlimlərin növbəti günlərində “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbənin fərdi tədris planının tərtibi (praktik hissə)”, “Tələbənin hüquq və vəzifələri”, “Yay semestrinin təşkili (praktiki hissə)”, “Tələbə və müəllim mobilliyi”, “Tələbələrə psixoloji dəstək zəmnində tyutorların rolu” və “Təqdimat bacarıqları” mövzularında bilgilər veriblər.
Mövzu çərçivəsində keçirilən təlimlərdə iştirakçılara həm nəzəri, həm də praktiki biliklər aşılanıb. Təlimlərdə iştirakçıların mövzulara dair sualları cavablandırılıb və geniş müzakirələrlə davam edib.
Sonda iştirakçılar arasında monitorinq və qiymətləndirmə aparılacaq.