Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri Qran-Pri mükafatına layiq görülüblər
Bakı, 30 iyun, AZƏRTAC
Bu ilin may-iyun aylarında İtaliyada “MIF Assosiation” Festival Təşkilatı Birliyi tərəfindən “Evdə oxu” adlı onlayn beynəlxalq müsabiqə keçirilib. Yarışmanın münsiflər heyətində müxtəlif ölkələrin nümayəndələri ilə yanaşı, respublikamızdan Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Əməkdar müəllim Lalə Qəti də təmsil olunub.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovanın rəhbərlik etdiyi, Aydan Vəzirovanın konsertmeysteri olduğu ADMİU-nun “Xəzər” xor kollektivi və universitetin tələbəsi Aydan Tağıyeva yarışmanın Qran-Pri mükafatlarını qazanıb.
Müsabiqəyə ölkəmizlə yanaşı, İtaliya, İsveçrə, Fransa, Yunanıstan, Belarus, Qazaxıstan, ABŞ, Moldova, Malta, Kuba, İsrail, Makedoniya, Rusiya, Türkiyə, Özbəkistan, Ukrayna, Gürcüstan, Polşa, Albaniya, Rumıniya, Estoniya, Bolqarıstan, Litva, Latviya, Livan, Almaniya, Böyük Britaniya, İrlandiya və Çindən iştirakçılar qatılıblar.