Meksikada keçirilən BMT Modeli konfransında Azərbaycanın təqdimatı olub
Bakı, 18 fevral, AZƏRTAC
Meksikanın San Luis Potosi şəhərində yerləşən nüfuzlu məktəblərdən biri olan “Instituto Real de San Luis” məktəbində keçirilən BMT Modeli konfransında Azərbaycan haqqında təqdimat olub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 200-dən çox şagird və professorun iştirakı ilə keçirilən konfransda bu ölkədəki səfirimiz Məmməd Talıbov ölkəmizin müstəqillik ənənələri, Azərbaycanın tarixi, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsindəki müstəsna rolu, erməni təcavüzünün tarixi, 44 günlük Vətən müharibəsi və nəticələri, regiondakı yeni reallıqlar, ölkəmizin neft-qaz strategiyası, iştirakçısı olduğu beynəlxalq enerji və infrastruktur layihələri, iqtisadi inkişaf göstəriciləri, incəsənəti, milli mətbəxi və çoxmədəniyyətlilik ənənələri haqda məlumat verilib.
Konfransda, həmçinin işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti, Meksika və ümumilikdə Latın Amerikası regionu ölkələri ilə ikitərəfli əlaqələrindən bəhs edilib. Bundan əlavə, xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib, həmçinin auditoriya tərəfindən ünvanlanan suallar cavablandırılıb. Təqdimat şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Konfransın sonunda şagirdlərin Azərbaycan haqqında daha çox məlumat əldə edə bilməsi üçün məktəbin kitabxanasına bəzi kitab və jurnallar təqdim olunub.