Məktəbdə Xocalı şəhidlərinin xatirəsi anılmışdır
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbdən AZƏRTAC-a bildirmişlər ki, direktor Eldar İsrafilov Xocalı faciəsindən, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri misli görünməmiş vəhşiliklər haqqında danışmışdır. Məktəbliləri Vətən uğrunda mübarizədə mərd və dönməz olmağa çağıran E.İsrafilov, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında qalan bütün Azərbaycan torpaqlarının, o cümlədən Xocalının tezliklə düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirmişdir.
Məktəbin müəllimləri İbadət İsrafilov, Yusif Mahmudov, Elnur Cahangirov hadisənin tarixi mahiyyətindən, erməni millətçilərinin əsrlər boyu Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlərdən, xalqımızın başına gətirdikləri müsibətlərdən, şagirdlərin vətənpərvərlik ruhunda böyümələrinə Xocalı faciəsinin böyük təsirindən danışmışlar.
Sonra məktəbdə keçirilmiş müsabiqənin qalibləri qəhrəmanlıq mövzusunda şeirlər söyləmiş, VIII sinif şagirdləri Yusif Dirilinin “26 Fevralda” şeiri əsasında ədəbi-bədii kompozisiya göstərmişlər.
Məktəbin müəllimi Y.Mahmudovun Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş eyniadlı pyesi əsasında məktəbin şagirdləri Əminə Niftalıyeva və Gülüstan Şərifovanın quruluş verdikləri “Bir şəhərin soyqırımı” tamaşası şagirdlərin ifasında təqdim edilmişdir.