Memarlıq və İnşaat Universitetində buraxılış işlərinin müdafiəsi uğurla davam edir
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavriat səviyyəsində bəzi fakültələrdə 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işinin müdafiəsi keçirilir.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, texniki təminat yüksək səviyyədə olduğundan müdafiələr zamanı hər hansı bir problem yaranmayıb.
Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədov bildirib ki, iyunun 16-dan başlayan buraxılış işlərinin müdafiəsi iyulun 4-nə qədər davam edəcək. “ZOOM” proqramı vasitəsilə keçirilən müdafiə günləri qruplar üçün təyin edilmiş qrafik üzrə yerinə yetirilir. IV kursda təhsil alan 218 tələbədən 207 nəfəri buraxılış işinin müdafiəsinə buraxılacaq. Müdafiəyə buraxılan tələbələrdən 156-sı memarlıq, 51 nəfəri isə dizayn ixtisasında təhsil alıb.
İnşaat fakültəsində cəmi 11 nəfər buraxılış işlərinin müdafiəsinə qatılacaq, onlardan 3-ü “SABAH” qruplarının tələbələri, qalanları isə bakalavrlardır. Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 10 tələbəsi də buraxılış işi müdafiə edəcək. Nəqliyyat, tikinti-iqtisad, mexanika və informasiya texnologiyaları, inşaat-texnologiya fakültələrinin məzunları isə təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşaraq buraxılış işləri müdafiə etməyəcəklər.
Xatırladaq ki, 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. İyunun 2-dən başlayan imtahanlar iyulun 2-də yekunlaşacaq.