Məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb
Bakı, 23 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi, dissertant Aqil Haxıyev məməli heyvanlarda ekoloji, morfoloji və genetik araşdırmalar aparmaq üçün Azərbaycanın Böyük Qafqaz fiziki-coğrafi vilayətində ekspedisiyada olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Ekspedisiya zamanı məməli heyvanların ümumi ekoloji monitorinqi aparılıb. Əldə olunan “Erinaceus concolor” - ağdöş kirpi, “Pipistrellus pipistrellus” - cırtdan şəbpərə, “Lepus europaeus” - adi dovşan, “Hystrix indica” - hind tirəndazı, “Meriones (Pallasiomys) libycus” - qırmızıquyruq qum siçanı, “Allactaga elater” - kiçik ərəbdovşanı, “Vulpes vulpes” - adi tülkü növlərinə aid materiallar morfoloji və genetik tədqiqatlar aparmaq məqsədilə laboratoriyaya gətirilib.