Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid yadigarları” aksiyasını həyata keçirir
Bakı, 31 may, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və nümayəndələri 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” aksiyasını həyata keçirir.
Fonddan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində bir qrup Vətən müharibəsi şəhidlərinin övladlarına müxtəlif hədiyyələrin (oyuncaq, məktəbli ləvazimatları və s.) təqdim edilməsi nəzərdə tutulur. Ölkəmizin müxtəlif regionlarını əhatə edən bu aksiya şəhidlərimizin yadigarı olan gül balaların sosial müdafiəsi və mənəvi inkişafı istiqamətində Fondun növbəti addımıdır.
Məlumat üçün bildirək ki, “Şəhid yadigarları” aksiyası “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.