Mərakeş rəsmisi: İslam ölkələrinin əsas vəzifəsi potensialı ortaq inkişafa çevirməkdir
Bakı, 24 iyun, AZƏRTAC
Bu gün İslam dünyasının vəziyyətinə nəzər saldıqda görürük ki, biz nə təbii resurslardan, nə strateji coğrafi mövqedən, nə də insan potensialı və elmi bacarıqlardan məhrumuq. Ölkələrimiz iqtisadi, demoqrafik və mədəni baxımdan elə imkanlara malikdir ki, onlar qlobal iqtisadiyyatda əsas iştirakçı və gələcəyin formalaşdırılmasında təsirli tərəfdaş ola bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Mərakeşin Nümayəndələr Palatası sədrinin müavini Mohamed Ghayate deyib.
O qeyd edib ki, qarşımızda duran əsas çağırış imkanların axtarılması deyil, imkanları təsirli kollektiv gücə və xalqlarımıza birbaşa fayda verəcək ortaq inkişaf layihələrinə çevirmək bacarığımızdır. Dünyada uğurlu inkişaf təcrübələri təsdiq edir ki, inkişaf təsadüfün nəticəsi deyil. O, aydın strateji baxışın, möhkəm siyasi iradənin, güclü institutların, davamlı fəaliyyətin və insan kapitalına ardıcıl investisiyaların məhsuludur.