MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI ŞƏKİDƏ ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirmişdir ki, bələdiyyələrə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçməsi, ilk növbədə, məntəqələrdə səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkili və komissiya üzvlərinin peşə hazırlığının səviyyəsindən asılıdır. Ona görə də hər bir komissiya üzvü mövcud təlimatları daha dərindən öyrənməli, Seçki Məcəlləsinin tələblərinə ciddi əməl etməlidir.
Müşavirədə qeyd edilmişdir ki, MSK-nın qərarı ilə təsdiq edilmiş seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına uyğun olaraq hazırda dairə və məntəqə seçki komissiyalarında seçkilərə hazırlığın ən mühüm mərhələsinə - namizədlərin qeydə alınması prosesinə başlanılmışdır. Dairə seçki komissiyalarında yaradılmış ekspert qrupları imza vərəqələrinin yoxlanılması işinə çox ciddi yanaşmalı, qarşıya çıxan problemlərə obyektiv münasibət bildirməlidirlər.
Müşavirədə, həmçinin məntəqələrdə seçici siyahılarının dəqiqləşdirilməsi, təbliğat-təşviqat işində hər bir namizədə bərabər şəraitin yaradılması, müşahidəçilərin, KİV nümayəndələrinin hüquq və vəzifələri, seçki prosesində aşkarlığın təmin olunması və digər məsələlər ətrafında da geniş söhbət aparılmış, müvafiq təlimat verilmişdir.
Daha sonra müşavirədə dairə seçki komissiyaları sədrlərinin hesabatları dinlənilmişdir.
Sonda Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov, İlham Məmmədov və Nizami Nadirov seminar iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirmişlər.