Meşəli soyqırımının səbəbkarının həbsi beynəlxalq konvensiyanın tələblərinə uyğundur - ŞƏRH
Bakı, 31 iyul, AZƏRTAC
BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamə və qərarları, konvensiya və paktlar, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərini təşkil edən sənədlər, sadəcə hüquqi araşdırmaların, yaxud siyasi müzakirə və mülahizələrin istinad mənbəyi funksiyasının yerinə yetirilməsi üçün qəbul edilməyib. Bu sənədlərin əhəmiyyətini və vacibliyini önə çəkən yeganə amil, bilavasitə onların tələblərinin icrası və tətbiqi ilə bağlıdır.
Bu baxımdan, Azərbaycan 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etdiyi kimi, Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətlərinin təşkilatçılarından və icraçılarından olan Vaqif Xaçaturyanın istintaqa və gələcəkdə ədalət məhkəməsinin qarşısına çıxarılması istiqamətində müvafiq hüquqi addımlar atmaqla, “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tələblərini yerinə yetirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
O diqqətə çatdırıb ki, Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər isə didərgin salınıb. Sözügedən soyqırımı və deportasiya faktları ilə bağlı cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçaturyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, haqqında beynəlxalq axtarış elan edilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.
E.Mirzəbəylinin sözlərinə görə, “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, soyqırımı və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətmiş şəxslər bu əməlin törədildiyi dövlətin ərazisində səlahiyyətli məhkəmələr tərəfindən və ya yurisdiksiyasını Konvensiya tərəflərinin də qəbul etdiyi və bu tərəflərə şamil olunan beynəlxalq cinayət məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar.
“Göründüyü kimi, Azərbaycanın həm haqqında söz açdığım Konvensiya, həm də Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri çərçivəsində atdığı addımlar tamamilə hüquqi xarakter daşıyır. Çünki Xaçaturyanın əli azərbaycanlıların qanına batıb. Azərbaycanlılara qarşı soyqırımı cinayətləri də daxil olmaqla, Beynəlxalq Humanitar Hüququn bütün norma və prinsiplərinin pozulması ilə müşayiət olunan xüsusilə ağır müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının müvafiq strukturlarının gerçəkləşdirdiyi hüquqi tədbirlərə münasibətdə Ermənistanın hər hansı bir formada münasibət bildirmək hüququ yoxdur. Çünki Azərbaycan torpaqlarının işğal edildiyi, işğal altında saxlanıldığı və işğal rejiminin hərbi yolla qorunmasına cəhd göstərildiyi bütün dövrlərdə, soyqırımı və deportasiya cinayətləri də daxil olmaqla, təcavüzdən qaynaqlanan bütün cinayət faktlarına görə məsuliyyət Ermənistan Respublikasının üzərinə düşür. Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində törədilən müharibə cinayətlərinin təhrikçi, təşkilatçı və icraçılarını, uzun illər hüquqi məsuliyyətdən yayındırdığı üçün də məsuliyyət daşıyır”, - deyə E.Mirzəbəyli qeyd edib.
Siyasi ekspert bildirib ki, “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, adından da göründüyü kimi iki əsas və aydın məqsədi var. Soyqırımı cinayətlərinin qarşısının alınması və günahkarların cəzalandırılması heç vaxt ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz.
“Soyqırımı cinayətlərinin qarşısının alınmasında vacib rol oynayan əsas amil cəzasızlığa son qoyulmasıdır”, - deyən Elçin Mirzəbəyli cəzasızlığın president yaratdığını və növbəti cinayətlərin baş verməsində səbəb olduğunu vurğulayıb: “İndiki halda deyə bilərik ki, əgər vaxtında Meşəli qətlimanın cəlladlarına münasibətdə müvafiq hüquqi addımlar atılsaydı və onların məsuliyyətdən yayınmasına imkan yaradılmasaydı, beynəlxalq birlik ikili standartlardan deyil, ədalət prinsiplərindən çıxış etsəydi, o zaman nə Xocalı soyqırımı, nə də digər amansız, qanlı müharibə cinayətləri baş verərdi. Bu baxımdan, Azərbaycan soyqırımı canilərini məsuliyyətə cəlb etməklə, həm də yeni soyqırımı cinayətlərinə rəvac verə biləcək cəzasızlığa son qoyur”.