MƏŞHUR HƏMVƏTƏNİMİZ BİRİNCİ KANALIN EFİRİNDƏ
Bir çox mahnıların müəllifi olan İ.Dunayevski ötən əsrin 30-50-ci illərində Qriqori Aleksandrovun bənzərsiz aktrisa Lyubov Orlovanın iştirakı ilə çəkilən “Şən uşaqlar”, “İşıqlı yol”, “Sirk”, “Volqa-Volqa”, “Bahar” və s. məşhur sovet kinofilmlərinin bəstəkarı kimi də tanınmışdır.
Bəstəkarın, əfsuslar olsun, qısa ömür yolunda yaratdığı şən, parlaq və yaddaqalan melodiyalarını yaşlı nəslin dinləyiciləri çox sevirlər. İ.Dunayevskinin mahnıları bizim günlərdə də böyük məmnuniyyətlə dinlənilir və musiqisi ötən dövrün bir növ rəmzinə çevrilmişdir.
Bəstəkarın hər iki oğlu da, atası kimi, öz həyatlarını yaradıcılığa həsr etmişdir. İstedadlı və populyar bəstəkar Maksim Dunayevski müasirimizdir, böyük qardaşı Yevgeni Dunayevski isə rəssam idi.
Tahir Salahov yaradıcılığının çiçəklənən vaxtında dünyasını dəyişən, əsərləri ədalətsizcəsinə unudulan həmkarı və gənclik dostu, istedadlı rəssam Yevgeni haqqında xatirələrini səmimiyyətlə bölüşmüşdür. O demişdir ki, bu gün rəssamlar və Dunayevski ailəsinin bütün dostları bu qeyri-adi təvazökar və istedadlı insanın yaradıcılığı ilə gənc nəsli tanış etmək üçün çox iş görməlidirlər.