Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunda yeni layihə çərçivəsində ilk tədbir
Bakı, 25 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış “Arxeo” klubunun “Arxeoloji incilərimiz: qazıntıdan fonda” adlı layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Esmira Rəhimova rəhbəri olduğu “Arxeo” klubun fəaliyyət istiqaməti, məqsədləri, təşkil etdiyi tədbirlər haqqında geniş məlumat verib. Tədbir üçün seçilmiş mövzunun aktuallığını qeyd edib.
Sonra muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə layihənin mövzusu ilə bağlı geniş məruzə edib. Məruzədə arxeoloji abidələrin öyrənilməsi, qazıntıların aparılması, tapıntıların qeydiyyatı üsullarından bəhs edilmiş artefaktların informasiya yükü ilə bağlı zəruri məlumatlar diqqətə çatdırılıb.
Məruzədə qazıntıdan fonda daxil olmuş tapıntıların kameral işlənməsi, sərgilənməsi və öyrənilməsi üsulları iştirakçıların nəzərinə çatdırılıb. Məruzə fototəqdimat və eksponatlarla əyani tanışlıq formatında aparılıb.
Sonra klub üzvlərinin sualları cavablandırılıb. Layihə iştirakçıları məruzə ilə bağlı təəssüratlarını bölüşüb, tədris prosesində aldıqları nəzəri biliklərin eksponatlarla əyani tanışlıq zamanı daha dərinləşdiyini və yeni məlumatlar əldə etdiklərini bildiriblər.
Layihənin həyata keçirilməsində əsas məqsəd “Arxeo” klubun nizamnaməsinə uyğun olaraq məktəblilərə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir.