“Milli geyimlər: Öyrənək və yaşadaq” adlı dəfilə keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Elmi-kütləvi iş və təhsil şöbəsinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli geyimlər: Öyrənək və yaşadaq” adlı dəfilə keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətini vurğulayıb.
Bədii hissədə uşaqların ifasında iki milli rəqs nümunəsi - “Sarı gəlin” və “Qaval” rəqsləri nümayiş olunub. Sonra Bədii tikmə dərnəyinin şagirdi Fatimə Mirzəməmmədli “Milli geyimlərimizin hazırlanması - ülgülərin çəkilməsi, parça seçimi, biçimi və bəzək aksesuarlarından istifadə” haqqında çıxış edib.
Daha sonra dərnək üzvlərinin hazırladıqları milli geyimlər nümayiş olunub.
Tədbirdə uşaqlara təşəkkürnamələr təqdim edilib.