MİLLİ MƏCLİS “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA”QANUN QƏBUL ETMİŞDİR
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun layihəsini üçüncü oxunuşa təqdim etmişdir. O demişdir ki, layihənin ikinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflərin bəziləri nəzərə alınmışdır. Layihədə deyilir ki, bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və nəticələrinin aradan qaldırılmasını təmin edir. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqanın funksiyalarını Dövlət Qulluğu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyası həyata keçirəcəkdir. Qanunun hədiyyə alma ilə bağlı maddəsində isə deyilir: “Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar alınan hədiyyələr, onların dəyəri şərti maliyyə vahidinin 50 mislindən yuxarı olduqda, şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir. Əgər verilmiş hədiyyə şəxsi istifadə üçün nəzərdə tutulmuşdursa, hədiyyə alan şəxs xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanı və ya yerli özünüidarəetmə orqanına dəyərində olan fərqi ödəmək şərti ilə bu hədiyyəni əldə edə bilər. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur”.
Layihə qısa müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunmuşdur.
Sonra ”Mülki ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiya, “Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin ərazilərində birgə antiterror tədbilərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsinə dair Protokol, “Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi Qaydaları haqqında” 1996-cı il 12 aprel tarixli Sazişdə nəzərdə tutulan “Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi Qaydalarına dəyişiklik və əlavələrin edilməsi haqqında” Protokol, “Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin əməkdaşlığı haqqında” Saziş və digər layihələr müzakirə olunaraq təsdiq edilmişdir.