MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASINDA
Sonra “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur. Parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova demişdir ki, layihənin parlamentin yaz sessiyasında ikinci oxunuş müzakirəsi zamanı səslənmiş irad və təkliflərin bir çoxu işçi qrupu tərəfindən nəzərə alınmışdır. Qanunun məzmununda, ayrı-ayrı maddələrində mühüm dəyişikliklər edilmiş, bəzi müddəalar çıxarılmış, bir maddəyə əlavə bənd salınmışdır. Layihə əsaslı surətdə təkmilləşdirilmiş və üçüncü oxunuşun tələblərinə cavab verir. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilmişdir. Məsələ barədə regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məlumat vermişdir.
Deputatlar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” və “Həmkarlar ittifaqları haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihələrini də müzakirə etmişlər. Sənədlərlə bağlı parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli məlumat vermişdir. O demişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi qanun layihələri ölkə vətəndaşlarının sosial hüquqlarının qorunmasına və qanunvericilik bazasının təkmilləşdirilməsinə xidmət edir. Əmək Məcəlləsinə edilən dəyişiklikdə deyilir ki, işəgötürən işçi ilə bağladığı əmək müqaviləsini yalnız təşkilatın həmkarlar ittifaqı təşkilatının razılığı alınmaqla ləğv edə bilər. “Həmkarlar İttifaqları haqqında” Qanunun preambula hissəsinə edilən dəyişiklikdə deyilir ki, bu qanun İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir. Qanuna təklif olunan digər dəyişikliklər isə redaktə və texniki xarakter daşıyır.
Müzakirələrdən sonra qanun layihələri təsdiqlənmişdir.
Milli Məclisin iclası günün ikinci yarısında öz işini davam etdirmişdir. Parlament sədrinin müavini Bahar Muradova Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Milli Məclisinə Müraciətini oxumuşdur. Müraciət oktyabrın 12-də Fransa parlamentində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanun layihəsinin müzakirəyə çıxarılmasına etiraz olaraq qəbul olunmuşdur (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmış və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə”, “Dövlət sirri haqqında” qanunlara, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, Azərbaycan Respublikasının Cinayət–prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər olunmuş, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”qanun qəbul edilmişdir.
Bildirilmişdir ki, bu dəyişikliklər qanunların daha da təkmilləşməsinə, insanların, ailə kəndli təsərrüfatlarında çalışanların hüquq və mənafelərinin daha mükəmməl qorunmasına, dövlət sirrinin yayılmasının qarşısının alınmasına xidmət edir.
“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında” Əsasnamə isə xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququnu və qayıdış şəhadətnamələrinin verilməsi qaydasını müəyyən edir.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilmişdir.