MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ AŞPA-NIN QIŞ SESSİYASINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlardan Gültəkin Hacıyeva, Nairə Şahtaxtinskaya, Aynur Sofiyeva, Rafael Hüseynov, Bəxtiyar Əliyev, Azər Kərimli, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli və Aparatın beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov daxildirlər.
Sessiyada Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Rusiyada, Gürcüstanda keçirilmiş seçkilərin nəticələri, Avropa İttifaqının genişləndirilməsinin iqtisadi aspektləri və digər məsələlər müzakirə ediləcəkdir.