Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclası komitə sədri Siyavuş Novruzov açıb.
AZƏRTAC xəbər verir ki, sonra Dağlıq Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb. Ermənistanın Azərbaycana qarşı təxribatları pislənilib. Bildirilib ki, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı nəticəsində bu təxribatların qarşısı uğurla alınıb. Azərbaycan əsgərləri yüksək şücaət nümayiş etdirərək Dağlıq Qarabağda hərbi baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirib, Tərtər, Füzuli rayonlarının bir sıra kəndlərini, Cəbrayıl şəhərini və rayonun bəzi kəndlərini düşməndən azad ediblər. Komitə sədri bu münasibətlə Ali Baş Komandanı, xalqımızı, o cümlədən deputatlarımızı təbrik edib.
Deputatlar bu günlərdə Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna tutulmasını şiddətlə qınayıblar, rəşadətli Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildiriblər. Azərbaycanın işğal altında olan torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əminliklərini vurğulayıblar.
Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəlikdəki qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında qanun layihəsidir. Layihəyə əsasən Azərbaycan Respublikasının Tərtər rayonunun Çayçı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılır. Azərbaycan torpaqları işğaldan azad edilir, bu ərazilərdən biri də Magadiz kəndidir. Tarixi adı Suqovuşan olan bu kəndin adı da ermənilər tərəfindən dəyişdirilmişdi. Prezident İlham Əliyev tərəfindən Suqovuşanın tarixi adı bərpa edilir və bu, xalqımızın ürəyindən xəbər verən tarixi bir addımdır. Qeyd edilib ki, Milli Məclis Sədri Sahibə Qafarovaya parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında imzaladığı Sərəncama görə minnətdarlığımızı bildiririk. Bu gün biz bu məsələni Milli Məclisin Qarabağ zalında müzakirə edirik.
Sonra komitə sədrinin müavini Elşən Musayev, deputatlar Səttar Möhbalıyev, Tahir Rzayev, Cavid Osmanov, Səbinə Xasayeva, Malik Həsənov öz çıxışlarında Dağlıq Qarabağda baş verən son hadisələrə münasibət bildiriblər. Qeyd edilib ki, Azərbaycan bu gün öz əzəli, beynəlxalq səviyyədə tanınmış torpaqları uğrunda mübarizə aparır. Deputatlar bu haqq işində şanlı Ordumuza uğurlar diləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.