Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluq tərəfindən təntənəli tədbir təşkil edilib
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, habelə Milli Mətbuat Günü münasibətilə iyulun 20-də Baş Prokurorluq tərəfindən təntənəli tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasından mötəbər qonaqlar, vizual və rəqəmsal media qurumlarının rəhbərləri, müxtəlif ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə tədris keçən professor-müəllim heyəti, jurnalistlər, eləcə də prokurorluq əməkdaşları iştirak ediblər.
Əvvəl Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edərək əsası 148 il əvvəl - 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edib.
Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin qısa müddətdə maarifçi və demokratik ideyaları təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafında böyük rol oynadığını vurğulayan Baş prokuror müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatının daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynadığını qeyd edib.
Diqqətə çatdırılıb ki, milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevlə bağlıdır, Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb. 1998-ci ildə dahi şəxsiyyət Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulduğunu qeyd edən Baş prokuror bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafının prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açan Baş prokuror milli mətbuatın inkişafında əməyi olanları təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar "Sən elə bir zirvəsən!.." musiqili-tarixi essesini izləyib.