MİLLİ OLİMPİYA KOMİTƏSİ İCRAİYYƏ KOMİTƏSİNİN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLMİŞDİR
Yola saldığımız il Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) üçün uğurlu olmuşdur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin ilin yekunlarına həsr olunmuş iclasında bildirmişdir.
Başa çatmaqda olan 2007-ci ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını söyləyən Ç.Hüseynzadə, MOK-un 15 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını, Bakının 2016-cı il olimpiya oyunlarına namizədliyinin irəli sürülməsini bu ilin ən vacib tədbirləri kimi qiymətləndirmişdir.
Cari ildə MOK-un beynəlxalq əlaqələri xeyli genişlənmiş, ölkəmiz bir sıra beynəlxalq yarışlara ev sahibliyi etmişdir. Bakıda Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə dünya çempionatı xüsusi özəlliyi ilə seçilmişdir. Yüzdən çox ölkə idmançılarının iştirak etdiyi bu yarışın yüksək səviyyədə təşkil olunduğu MOK-a ünvanlanan təşəkkür məktublarında da əksini tapmışdır. İlin əlamətdar hadisələrindən biri də Avropa Olimpiya Festivalında Azərbaycan idmançılarının 7 qızıl medal qazanaraq, ümumi komanda hesabında 6-cı yeri tutmasıdır.
Pekin Yay Olimpiya Oyunlarına hazırlıq işlərinə toxunan Ç.Hüseynzadə demişdir ki, Azərbaycan idmançıları bu yarışlara minimum 40 lisenziya qazanacaqlar. Bəzi idman növlərində lisenziya yarışları başa çatsa da, gələn ilin əvvəllərində digərlərinin də lisenziya imkanlarını artırmaq olar. Biz boks, cüdo, taekvondo və güləş üzrə yarışlarda lisenziyalar qazanmağa ümid edirik.
Azərbaycan idmançılarının nailiyyətlərini qeyd edən gənclər və idman naziri Azad Rəhimov da bu ili idmançılarımız üçün uğurlu adlandırmışdır. Nazir demişdir ki, əgər ötən il Azərbaycan idmançıları 287 medal qazanmışdılarsa, bu il olimpiya və qeyri-olimpiya növlərində qazanılan medalların sayı 452-yə çatmışdır. Bakıda 36 beynəlxalq səviyyəli yarış, Avropa və dünya çempionatları təşkil olunmuşdur.
İndiyədək Pekin Yay Olimpiya Oyunlarına 22 lisenziyanın qazanıldığını deyən nazir vəsiqələrin sayının artacağına əminliyini vurğulamışdır. Nazir demişdir ki, ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində bir sıra işlər görülmüşdür. Respublikanın müxtəlif bölgələrində, Bakıətrafı kənd və qəsəbələrdə stadionların tikintisi, idman zallarının inşası və təmiri davam edir.
2016-cı il olimpiya oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin məsul katibi İlham Mədətov demişdir ki, hazırda Bakının oyunlara hazırlığı ilə bağlı veb-saytın üzərində son tamamlama işləri gedir. Təşkilat Komitəsi tərəfindən olimpiya oyunlarının embleminin hazırlandığını deyən İ.Mədətov bu günlərdə sifariş kitabçasının da hazır olacağını söyləmişdir. Yanvarın 14-dək sifariş kitabçası Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndəriləcəkdir. Bundan sonra Qiymətləndirmə Komissiyası namizəd şəhərlərə baş çəkəcək və yalnız iyunun 4-dən sonra növbəti mərhələyə keçəcək şəhərlərin adları məlum olacaqdır. BOK namizəd şəhərlərin qarşısında bir sıra tələblər qoymuşdur. Bu tələblərə Olimpiya parkı və şəhərciyinin inşası, idman obyektlərinin tikilməsi və digər məsələlər daxildir.
MOK-un baş katibi Ağacan Əbiyev 2007-ci ildə bir sıra uğurların qazanıldığını söyləmişdir. Bu ildən MOK-un ordeninin təsis olunduğunu deyən A.Əbiyev mükafatın idman xadimlərinə, olimpiya, dünya və Avropa çempionlarına, habelə, ölkəmizdə olimpiya hərəkatına öz töhfələrini verən şəxslərə təqdim olunacağını bildirmişdir.
Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AƏOK) sədri Xəzər İsayev rəhbərlik etdiyi qurumun fəaliyyətinə toxunmuşdur. O demişdir ki, gələn il Avropa Ədalətli Oyunlar Komissiyanın iclasının Bakıda keçirilməsi nəzərdə tutulmuşdur. AƏOK bu ildən ədalətli oyunlar prinsipini əsas tutan şəxslərə beş nominasiya üzrə fəxri fərmanlar və mükafatlar təsis etmişdir.
Ədalətli oyunlar prinsipinə sadiq qalan ilk laureatlara mükafatlar təqdim olunmuşdur.