Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən zəfər tarixidir
Bakı, 14 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan Respublikasının tarixində xüsusi yer tutur. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, dövlətçilik tarixində müstəsna xidmətlər göstərmiş, daim xalqına arxalanmış və xalqına arxa-dayaq olmuş dahi şəxsiyyət Heydər Əliyevdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü göstərir. Əgər müstəqilliyi qazanmaq ilkin şərtdirsə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirməkdir. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Modern inkişaf və ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva söyləyib. O qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyev ideyaları işığında müstəqil dövlətimizin Prezident İlham Əliyev ilə daha yüksək zirvələr fəth edəcəyinə qəlbən inanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq. Vətən müharibəsində qazanılan Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib.
Zərifə Quliyeva vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətində ordu quruculuğunun əsasını ümummilli lider Heydər Əliyev qoyub və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə böyük işlər həyata keçirilib. Beləliklə, 1993-cü il iyunun 15-dən başlayan zəfər tariximizə 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə daha bir şanlı səhifə yazıldı. Bu il xalqımız Milli Qurtuluş Gününü həm də zəfər sevinci ilə qeyd edir.