QAN YADDAŞI
Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 25-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və sovet qoşunlarının 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini - qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin səbəb və nəticələrindən ətraflı danışmışdır. Bildirilmişdir ki, 26 fevral faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı misli görünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsidir. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirmişdir.
İ.Allahverdiyev vurğulamışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olmuşdur.
Natiq çıxışında Prezident İlham Əliyevin inamla həyata keçirdiyi uğurlu siyasətin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildirmişdir. O demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verən dövlətimizin başçısı, lazım gələrsə, bütün vasitələrdən istifadə olunacağını, ərazi bütövlüyümüzun mütləq bərpa ediləcəyini, Azərbaycanın öz ədalətli mövqeyindən heç bir vaxt geri çəkilməyəcəyini daim qətiyyətlə vurğulayır.
Sonda İ.Allahverdiyev akademiyanın zabit və müdavim heyətini erməni təcavüzünün günahsız qurbanlarının qisasını almağa, itirilmiş torpaqların geri qaytarılması uğrunda son və həlledici mübarizəyə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmrinə hər an hazır olmağa çağırmışdır.
Tədbirdə çıxış edən müdavimlər Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, bütün Azərbaycan gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərinə söz vermişlər. Onlar Ali Baş Komandanın hər bir əmrini dərhal və dönmədən yerinə yetirəcəklərini bildirmişlər.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
######