Millimizin voleybolçusu: Çox istərdim ki, Avropa çempionatında uğurlu çıxış edək
Bakı, 18 avqust, AZƏRTAC
Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur. Millətlər Liqasının son qalibi olan Türkiyə kimi aşkar favoritlər var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
33 yaşlı hücumçu bildirib ki, Avropa çempionatında digər rəqibləri mütləq məğlub etmək lazımdır: “Biz bunu bacara bilərik, komandamıza inanıram. Yaxşı hazırlıq prosesi keçdik. Çox istərdim ki, uğurlu çıxış edək. Özümə gəlincə, mənim üçün son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək, uğurlu nəticə qazanaq”.
O, ilk hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: “Sonra isə mümkün qədər irəli getmək istəyirik. Əlbəttə ki, bütün zədələrə, ağrılara baxmayaraq çox çalışmışıq. Hər bir oyunçumuzun çox əməyi var və istəyirik ki, bu, qarşılıqsız qalmasın. Bu, mənim üçün 6-cı və sonuncu Avropa çempionatıdır. Əlimdən gələni edəcəyəm ki, mənə etdikləri hər şey üçün Azərbaycana təşəkkür əlaməti olaraq daha yaxşı oynayım, qələbələr və uğurlu nəticələr qazanaq, bayrağımızı yüksəklərdə dalğalandıraq. Komada olaraq bütün bunları etməyə çalışacağıq”.
Qeyd edək ki, Avropa çempionatında C qrupunda mübarizə aparan millimiz ilk oyununu bu gün Çexiya yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.