MİRMÖHSÜN NƏVVABIN 170 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İncəsənət Muzeyində ensiklopedik biliyə malik alim və rəssam Mirmöhsün Nəvvabın anadan olmasının 170-ci idönümünə həsr edilmiş yığıncaq keçirilmişdir.
Muzey direktorunun elmi işlər üzrə müavini Elmira Qasımova yığıncağı açaraq, M.Nəvvabın həyat və yaradıcılığının bəzi məqamlarından, Şuşada təşkil etdiyi “Məclisi-fəramuşan”ın (“Unudulmuşların məclisi”) və “Musiqiçilər məclisi”nin əhəmiyyətindən danışmışdır.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Nəvvabın təşəbbüsü ilə Şuşada ilk kitabxananın açıldığını, onun yaratdığı “Gövhəriyyə” məktəbinin az zaman içərisində məşhurlaşdığını bildirmişdir. Məktəbdə təhsil alan şagirdlər Nəvvabın yazdığı və öz mətbəəsində çap olunan dərs vəsaitlərindən istifadə edirmişlər. Nəvvabı həm də görkəmli alim kimi təqdim edən S.Məmmədəliyeva coğrafiya, astronomiya, biologiya, kimya, riyaziyyat və xüsusilə də pedaqogikaya aid əsərlərinin onun yaradıcılığında mühüm yer tutduğunu vurğulamışdır. Yubiley münasibətilə Azərbaycan Dövlət İncəsənət Muzeyinin kolleksiyası əsasında təşkil edilən sərgi Nəvvabın, həm də rəssamlıq sahəsindəki uğurlarını göstərir.
Tədbirdə sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, muzeyin direktorunun müavini Elmira Qasımova, pedaqoji elmlər namizədi Vüsalə Fətəliyeva və başqaları müxtəlif mövzularda məruzələr etmişlər.