Misir kraliçaları gözəlliklərini onunla qoruyurdular
Bakı, 14 mart, AZƏRTAC
Miladdan əvvəl 1500-cü ildə yaşamış misirlilərin papirus üzərindəki yazılarda əzvaydan istifadə etdikləri barədə xəbər verilirdi. Yunan, Misir, Roma, eləcə də Hind və Çin mədəniyyətlərində də bitki ilə əlaqədar məlumatlara rast gəlmək mümkündür.1862-ci ildə əldə edilən məlumatlara görə, Misir kraliçaları gözəlliklərini qorumaq üçün də ondan istifadə ediblər.
AZƏRTAC xəbər verir ki, vətəni Afrika olan əzvay bitkisini bəzən aloye də adlandırırlar və bu uzunömürlü bitkinin çoxlu növləri var. Onu otaq şəraitində çətinlik çəkmədən yetişdirmək mümkündür, lakin inkişafı sürətli deyil və boyu çox uzanmır. Özündə çox su saxlamayan daşlı və ya çör-çöplü bağça torpağında əzvayın əkilməsi daha yaxşıdır. Bitkinin budaqlarından torpağa ən yaxın olanı kəsilərək müəyyən müddət suda saxlanılaraq kök atmasını gözləyir, kök atandan sonra başqa bir saxsı qabda münbit torpağa əkərək çoxaldırlar. Zaman keçdikcə torpaqdan yuxarı qalan hissə yarpaqlamağa başlayır. Saxsı qabdakı torpaq tam quruyandan sonra sulanmalı, torpağın bütün qatlarına çatana qədər su verilməlidir. Əzvay böyük qabda və açıq havada olanda onu hər gün sulamaq olar, su həmişə eyni həcmdə və günün eyni vaxtında verilməlidir. Bitkini küləkdən və sərt havadan qorumaq lazımdır.
Yüz illərdir ki, ondan tibbi və kosmetik məqsədlərlə istifadə edilir. Əzvay qida dəyəri yüksək olan bitkidir, orqanizmi qüvvətləndirir, həzmi asanlaşdırır, ödü təmizləyir, qəbizliyi aradan qaldırır. Bağırsaq mikroflorasını bərpa edir, mədə xorası zamanı da onun qəbulu faydalı təsir göstərir.
Əzvay gözəllik və dəri sağlamlığı üçün çox xeyirlidir - iltihab əleyhinə və regenerasiyaedici funksiyaya malikdir, yanıqlar zamanı da ondan istifadə edilməsi yaxşı nəticə verir.