Misirin turizm naziri: Misirin turizm zonaları gediş-gəliş üçün tamamilə təhlükəsizdir
Əmman, 20 sentyabr (AZƏRTAC). 2011-ci ildə Misir prezidenti Hüsni Mübarəkin devrildiyi vaxtdan 2013-cü ilin sonuna qədər bu ölkənin turizm sektorunun məruz qaldığı itkilərin həcmi 9 milyard ABŞ dollarına yaxın ola bilər. Misirin turizm naziri Hişam Zaazua bu sözləri KİV nümayəndələri ilə görüşdə söyləmişdir.
Onun sözlərinə görə, son üç ildə turizm sahəsində itkilərin məbləği 6-7 milyarddan çox olmuşdur. Nazir bu rəqəmi açıqlayaraq demişdir: “Son altı ay üçün göstəricilər hesaba alınmasa, ilk iki il ərzində 6,5 milyard dollar itkiyə məruz qalmışıq. Son üç ildə ümumi itkinin məbləği isə cari ilin sonuna qədər 8-9 milyard dollara çata bilər”.
Misirdə istirahət edənlərin əksəriyyəti Rusiyadan gələn turistlərdir. Bu ilin yayında ölkədə vəziyyət gərginləşəndən sonra Rusiyadan turist axınının azalmasını qeyd edən Hişam Zaazua bildirmişdir ki, Rusiyanın hakimiyyət orqanları turistləri bu ölkəyə səfərlərdən çəkindirəndən sonra rusiyalı turistlərin sayı 90 faizdən çox aşağı düşmüşdür. Nazir xüsusi qeyd etmişdir ki, avqustun ortalarında bir sıra ölkələr öz vətəndaşlarına Misirə səfərdən çəkinməyi tövsiyə etmişlər. Bundan cəmi bir həftə sonra ölkəyə turist axını 70 faizdən çox azalmışdır. Nazir etiraf etmişdir ki, həmin tövsiyələr Misir üçün çox ağır nəticələrə gətirib çıxarmışdır.
Hişam Zaazua onu da bildirmişdir ki, populyar Şarm əl-Şeyx kurortunu yerləşdiyi Sinay yarımadasının turizm obyektlərində, yarımadanın cənubunda turistlər üçün otellərin və sanatoriyaların yerləşdiyi ərazidə vəziyyət tamamilə təhlükəsizdir. Nazir xatırlatmışdır ki, Misir hökuməti təxminən bir ay bundan əvvəl komendant saatı elan etmiş, lakin elə ertəsi gün Hurqadda və Şarm əl-Şeyxdə komendant saatını ləğv etmişdir. Ölkənin təhlükəsizlik orqanları turistlərin istirahət etdiyi yerlərə gəliş-gedişə nəzarət edirlər. Hətta misirlilər özləri Şarm əl-Şeyxə gedərkən baş verə biləcək xoşagəlməz hadisələrdən uzaq olmaq üçün onların da vizası olmalıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman