MOSKVADA “AZƏRBAYCANI KƏŞF EDƏRKƏN” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, hazırda Rusiya Dövlət Dumasında müdafiə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışan Q.Trofimçuk bir neçə dəfə Azərbaycanda olmuş, ölkəmizin ictimai-siyasi həyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı bilgilər toplamışdır.
“Azərbaycanı kəşf edərkən” kitabında keçmiş SSRİ-nin 15 respublikasından biri olmuş və bu gün müstəqil dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer qazanmış Azərbaycanın coğrafi-siyasi əhəmiyyəti geniş təhlil olunmuşdur. Müəllif Rusiyanın Azərbaycan ilə bağlı siyasətini tənqid edərək, ölkəmizlə münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyac duyulduğunu vurğulayır.
Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı proseslər, respublikamızın iqtisadi imkanları və perspektivləri barədə məlumatlar da öz əksini tapmışdır.
Kitabın təqdimatı Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyatı tərəfindən təşkil olunacaqdır. Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri, Rusiyanın ictimai-siyasi dairələrinin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak edəcəklər.