MOSKVADA ORXAN SULTANIN “QƏDİM ŞƏHƏRİN QADINI” KOLLEKSİYASI NÜMAYİŞ ETDİRİLƏCƏK
Orxan Sultan təkcə Azərbaycanda və Rusiyada deyil, xaricdə də yaxşı tanınır. Bu ilin iyun ayında Heydər Əliyev adına sarayda onun “Orxan Sultan və Kristov Ruksenin faşin şousu” adlı kolleksiyasının uğurlu nümayişini yada salmaq kifayətdir. Rusiya moda aləmi bu sahədə artıq öz sözünü demiş gənc modelyerin yaradıcılığına müsbət qiymət verir. Orxan Sultan Rusiya modasının beynəlxalq müsabiqələrinin iştirakçısıdır. Burada onun kolleksiyaları maraqla qarşılanır. O, 2002-ci ildə Avropada Rusiya modası günləri çərçivəsində Parisdə, Strasburqda, Baden-Badendə öz kolleksiyalarını nümayiş etdirmişdir. Orxan 2003-cü ildə “Rossiya” Dövlət Kinokonsert salonunda keçirilmiş “Karyera” festivalının da iştirakçısı olmuş, bir ildən sonra isə Rusiyanın “Epoxanı geyindir” festivalında çıxış etmişdir. Bu tədbirin iştirakçıları öz studiyaları və emalatxanaları olan ən yaxşı Rusiya modelyerləri idi. Gənc modelyer bu il altıncı Beynəlxalq Yüksək Moda milli geyim müsabiqəsinin də iştirakçısı olmuşdur.
Orxan Sultan özünün ilk kolleksiyasını 17 yaşında yaratmışdır. O, “Faberje” kolleksiyası adlanırdı və Avropada Rusiya modası günləri çərçivəsində modelyer məhz onunla Parisə, Strasburqa və Baden-Badenə dəvət olunmuşdu. O, “Şərq ilahəsi”, “Yaz-Yay 2005”, Karl Faberjeyə həsr olunmuş və Faberjenin pasxa yumurtaları motivləri əsasında yaradılmış “Saray zərgərinin al-əlvan xəyalları” və bir çox başqa maraqlı kolleksiyaların müəllifidir.
Orxan Sultan dahi Karl Faberjenin nəvəsinin Moskvada açdığı K.Faberje adına dekorativ-tətbiqi sənət kollecini bitirmişdir. Hazırda isə Moskva Dövlət Pedaqoji Universitetinin dekorativ-tətbiqi sənət fakültəsinin tələbəsidir. Gənc modelyer AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Parisdə, “SE-Mod” məktəbində təcrübə keçməyi, dünya şöhrətli Fransa modelyerləri ilə işləməyi, gələcəkdə Orxan Sultanın moda evini və Azərbaycanda Moda Akademiyası açmağı planlaşdırır. O demişdir: “Arzum Bakıda Moda Akademiyası açmaqdır. Burada gənc dizaynerlər modelləşdirmə, yüksək moda sənəti, ümumiyyətlə geyim və bütövlükdə gözəllik dizaynı ilə əlaqədar biliklərə yiyələnəcəklər. Mən Azərbaycanla sıx bağlıyam və özümü Azərbaycan əsilli Moskva modelyeri hesab edirəm. Mənim üçün başlıcası şöhrət qazanmaq və hər yerdə, ilk növbədə, Azərbaycanı təmsil etməkdir”.