MOSKVANIN MERİ RUSİYA PAYTAXTI DİASPORLARININ VƏ HƏMYERLİLƏR BİRLİKLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Moskva, 5 oktyabr (AZƏRTAC). Moskva hökumətində mer Yuri Lujkov ən fəal və nüfuzlu diasporların və həmyerlilər birliklərinin, milli KİV-lərin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüş zamanı milli diasporları və Moskva hökumətini narahat edən problemlərə dair fikir mübadiləsi aparılmış, Rusiya paytaxtı ictimai-siyasi dairələri nümayəndələrinin çıxışları dinlənilmiş, millətlərarası sülh və razılığın möhkəmləndirilməsinə dair tədbirlərlə bağlı məsələlərə, milli diasporlar, habelə ksenofobiya və dözümsüzlük problemlərinə toxunulmuşdur.
Moskvanın meri Y.Lujkov çıxışında demişdir: “Bu görüşlərin əhəmiyyəti çox böyükdür, sizin çıxışlarınız və təklifləriniz gələcək vəzifələrimizi müəyyənləşdirməkdə bizə kömək edir. Bizim prinsiplərimiz aydındır - bu, sülh, millətlərarası razılıq mədəniyyətidir. Biz bu prinsiplərə həmişə sadiq olmuşuq, Rusiyada yaşayan müxtəlif konfessiyaların nümayəndələrinə qarşı münasibətimizi dəyişməmişik”. Onun fikrincə, millətlərarası qarşılıqlı fəaliyyət başlıca mövzudur və hamı üçün xüsusi əhəmiyyət kəsb edir. Rusiya çoxmillətli ölkədir. O, müxtəlif respublikaların və xalqların palitrasından yaradılmışdır. Y.Lujkov məktəb proqramında dəyişikliklər edilməsinin, müntəzəm tolerantlıq dərslərinin proqrama salınmasının zəruriliyini vurğulamışdır.
Y.Lujkov diasporların nümayəndələri ilə görüşünün sonunda səylərin birləşdirilməsinin, Milli məsələlər üzrə Nazirliyin fəaliyyətinin bərpa edilməsinin vacibliyini diqqətə çatdırmışdır. Moskvanın meri demişdir: “Biz hamımız eyni vəzifəni yerinə yetirməyə - şəhərimizin çoxmillətli, çoxkonfessiyalı həyatını təmin etməyə çalışırıq. Bu məqsəddən azca da olsa yayınmaya imkan verməməliyik. Həyatımızı mürəkkəbləşdirən və təhlükəli edən bütün faktların qarşısı qətiyyətlə alınmalıdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva