“MÜASİR AZƏRBAYCAN AİLƏSİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda qloballaşma dövründə müasir Azərbaycan ailəsi, onun problemləri, gənc ailələrin qarşılaşdıqları çətinliklər, milli dəyərlərin ailədə öz əksini tapması məsələləri müzakirə olunmuşdur.
İnstitutun direktoru, fəlsəfə elmləri doktoru Yusif Rüstəmov konfransı açaraq, konfransın məram və məqsədindən, ailənin müasir vəziyyətindən, onun tarixən keçdiyi yoldan, cəmiyyətdəki rolundan danışmışdır.
Sonra məruzələr dinlənilmişdir. Məruzəçilər müasir Azərbaycan ailəsi və ənənələr, ailədə nəsillərarası münasibətlər, qloballaşma dövründə Azərbaycan ailəsinin milli dəyərləri, müasir kənd ailəsinin dəyərləri və sair məsələlərə aydınlıq gətirmişlər.
Natiqlər bildirdilər ki, əsrlər boyu öz ənənələrini, xüsusiyyətlərini qoruyub saxlamasına baxmayaraq, müasir qloballaşma dövründə, qərb meyllərinin güclənməsi nəticəsində Azərbaycan ailəsinin də qarşısına müxtəlif problemlər çıxır. Onlar bu problemlərin çözülməsi barədə təkliflər irəli sürdülər.
Tədbirdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Milli Məclisin deputatı Gülər Əhmədova iştirak etmişdir.