ELM VƏ TƏHSİL
Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı maarifləndirici görüşlər davam edir
Bakı, 10 aprel, AZƏRTAC
Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Təhsil İnstitutu tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad və Masallı rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair maarifləndirici görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin şöbə müdiri Aynur Rüstəmova, İnsan Resursları Mərkəzinin əməkdaşı Fəridə Həsənli, Azərbaycan dili və ədəbiyyat üzrə mütəxəssis Nuriyyə Verdiyeva, ibtidai sinif üzrə mütəxəssis Ülkər Mirzəyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov sertifikatlaşdırmanın mərhələləri, təşkili və məzmunu ilə bağlı məsələlər barədə məlumat veriblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi izah edilib, mövzular haqqında ətraflı məlumat verilib və müəllimlərin sualları cavablandırılıb.
Maarifləndirici görüşdə Cəlilabad və Masallı rayonları üzrə ümumilikdə 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimi iştirak edib.