Mühacirətdə ölən gürcü generalın cəsədinin qalıqları Fransadan Tbilisiyə gətirilib
Tbilisi, 22 may, AZƏRTAC
Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, general Giorgi Kvinitadzenin cəsədinin qalıqları mayın 22-də Tbilisiyə gətirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında generalın xatirəsinə fəxri qarovul dəstəsi düzülüb, rəsmi qarşılanma mərasimi keçirilib.
Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, müdafiə naziri Cuanşer Burçuladze, Gürcüstan Müdafiə Qüvvələrinin Komandanı general-mayor Qeorqi Matiaşvili, parlamentin sədri Kaxa Kuçava və digər rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan hökumətinin qərarı ilə G.Kvinitadzenin cənazəsi Dövlət Müstəqilliyi Günü - mayın 26-da Mtatsminda panteonunda dəfn olunacaq.
Qeyd edək ki, G.Kvinitadze 1874-cü ilin avqustun 21-də Dağıstanda anadan olub. O, 1884-cü ildə Tiflis Kadet Korpusuna daxil olub, daha sonra təhsilini Sankt-Peterburqda davam etdirib.
G.Kvinitadze Rusiya imperator ordusunda uğurlu hərbi karyera qurub. O, 1917-ci ilin ikinci yarısından müstəqil dövlətin ordu quruculuğunda fəal iştirak edib.
Gürcüstanın hərbi məktəbinin yaradılmasında onun müstəsna xidmətləri olub. General 1921-ci ilin fevral-mart aylarında Gürcüstana hücum edən “Qırmızı ordu” hissələrinə qarşı müqavimət təşkil edib.
Elə həmin ildə demokratik respublikanın süqutundan sonra general İstanbula, oradan isə 1922-ci ildə Fransaya mühacirət edib. O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat edib və yerli qəbiristanlıqda dəfn olunub.
2013-cü ildə G.Kvinitadze ölümündən sonra “Gürcüstanın milli qəhrəmanı” ordeni ilə təltif edilib. 2006-cı ildə Tbilisidə küçələrdən birinə onun adı verilib.
Generalın xatirəsinə “Giorgi Kvinitadze” adlı gümüş medal təsis olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi