Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri - elmi seminar
Bakı, 12 mart, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri” mövzusunda elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi multikulturalizm anlayışının elmi və sosial aspektlərini müzakirə etmək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği məsələlərinə diqqət çəkmək olub.
Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Kafedra müdiri multikuralizmin müasir cəmiyyətlər üçün mühüm dəyər olduğunu önə çəkib, müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və anlaşma şəraitində bir arada yaşamasının əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, texnologiyanın sürətli inkişafı, süni intellekt kimi yeni çağırışların meydana çıxması fonunda milli-mənəvi dəyərlərin qorunması daha da aktuallaşır. Qloballaşma müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini artırsa da, bu proses milli kimliyin və dəyərlərin qorunması ilə paralel aparılmalıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov mövzuya dair geniş məruzə ilə çıxış edib. O, multikulturalizm anlayışının mahiyyəti, çoxmədəniyyətlilik və müxtəlif mədəniyyətlərin bir arada yaşaması prinsipləri haqqında geniş məlumat verib. Şöbə müdiri bildirib ki, multikulturalizm yalnız həyat tərzi deyil, eyni zamanda, Azərbaycanda və bir sıra ölkələrdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Multikulturalizm müxtəlif xalqların və mədəniyyətlərin öz kimliyini qoruyaraq cəmiyyət daxilində qarşılıqlı hörmət və əməkdaşlıq mühitində yaşamasına imkan yaradır.
BMU-nun Ümumi fənlər kafedrasının dosenti Qafar Ocaqlı isə məruzəsində multikulturalizm və milli-mənəvi dəyərlər arasındakı əlaqədən bəhs edib. O bildirib ki, hər bir cəmiyyətdə mövcud olan müxtəliflik həmin cəmiyyətin intellektual və mədəni zənginliyinin göstəricidir. O, fərqli dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, öz milli və mənəvi dəyərlərimizi qorumağın da mühüm əhəmiyyət kəsb etdiyini deyib. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə mədəniyyətlərin bir-birinə təsiri təbii prosesdir, lakin bu, milli dəyərlərin itirilməsi demək deyil. Qafar Ocaqlı dünyada elm və texnologiya sahəsində inkişaf etmiş, eyni zamanda, öz dəyərlərini qoruyub saxlayan xalqlarla bağlı konkret misallar göstərib. Məruzədə, həmçinin Azərbaycanın da tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğu, xalqımızın öz inancını və dəyərlərini qorumağı bacardığı diqqətə çatdırılıb.
Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və multikulturalizm ideyalarının təbliği istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyəti vurğulanıb.