MÜŞAHİDƏÇİLƏR ÜÇÜN YADDAŞ KİTABÇASI ÇAPDAN ÇIXMIŞDIR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, yaddaş kitabçası seçicilərin maarifləndirilməsi proqramı çərçivəsində nəşr olunub və müşahidəçilər üçün nəzərdə tutulub. “Müşahidəçilər üçün yaddaş kitabçası” Mərkəzi Seçki Komissiyası tərəfindən ilk dəfədir ki, hazırlanıb.
Nəşrdə bəzi seçki terminlərinin izahı, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılmasının prinsipləri, müşahidəçilərə qadağan olunan hərəkətlər, məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması və səsvermə qaydası, səslərin hesablanması, yekun protokollarının tərtib edilməsi və s. mövzularla bağlı ətraflı izahlar və məlumatlar verilmişdir.
“Müşahidəçilər üçün yaddaş kitabçası” Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları, Seçki Məcəlləsinin tətbiq edilməsi barədə müvafiq fərman, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamları, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimat, İzah və Qaydalar əsasında hazırlanmışdır.
Müşahidəçilər bu yaddaş kitabçasını məntəqə seçki komissiyalarından əldə edə bilərlər.
Yaddaş kitabçasının mətni Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (ABŞ) birgə işlənib hazırlanmışdır.