Müslüm Maqomayev həmişə xatirələrdə yaşayacaq
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də dünyaşöhrətli musiqiçi Müslüm Maqomayevin 81 illiyi ilə əlaqədar məzarını ziyarət edənlər arasında tanınmış mədəniyyət və musiqi xadimləri çoxluq təşkil edirdi.
AZƏRTAC-ın müxbiri unudulmaz sənətkarla əlaqədar onlardan bir neçəsinin təəssüratlarını öyrənib.
Xalq artisti Xuraman Qasımova sovet estradasının ən tanınmış simalarından biri olan Müslüm Maqomayev haqqında bunları söyləyib: “O, çox təmiz qəlbli, açıq ürəkli sənətkar idi. Yaxşı yadımdadır, Moskvada P.Çaykovski adına konsert salonunda çıxışımı çox diqqətlə izlədi, konsertdən sonra o, həyat yoldaşı Tamara Sinyavskaya ilə birgə mənə yaxınlaşaraq çox səmimi şəkildə təbrik etdi. Olduqca sadə və çox təvazökar idi. Əlbəttə, onun barədə xatirələr çoxdur və bu xatirələrin hamısında Müslüm əzəmətli və böyük sənətkar kimi yad edilir”.
Xalq artisti Samir Cəfərov deyib: “Müslüm Maqomayev son illər Azərbaycanın bəxş etdiyi ən böyük və ən istedadlı opera və vokal müğənnisi idi. Onun sənətkarlıq keyfiyyətlərini saymaqla bitməz. Rəssamlıq və bəstəkarlığı onun necə parlaq və bənzərsiz istedada malik olduğundan xəbər verir, lakin ifaçılıq sənətində onun yeri əlçatmazdır. O, özündən sonrakı nəslə böyük miras ötürüb. Biz onun qoyduğu bu məktəbdən layiqincə bəhrələnməli və yararlanmalıyıq. O, öz sənəti, sadəliyi və səmimiyyəti ilə bizim üçün həmişə örnək rolu oynayacaq”.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov da Müslüm Maqomayevlə bağlı ürək sözlərini belə ifadə edib: “İllər ötsə də Müslüm Maqomayev sənəti heç zaman unudulmayacaq. O, əvəzolunmaz musiqiçi, bənzərsiz vokal ifaçısı, musiqi tarixində bənzəri olmayan sənətkardır. Onun mahnıları hər zaman gənc istedadlar tərəfindən ifa olunaraq əbədi yaşayacaq. Nə qədər vaxt keçir-keçsin, ona olan hörmət, sevgi və ehtiram heç vaxt tükənməyəcək”.