Mütəxəssis: Yuxu pozuntularının vaxtında müalicəsi bir çox ciddi xəstəliklərin qarşısının alınmasına imkan verir
Bakı, 1 iyul, AZƏRTAC
Son illər insanlar arasında yuxu pozuntuları ictimai sağlamlıq baxımından ən aktual problemlərdən birinə çevrilib.
Bu barədə AZƏRTAC-a danışan Azərbaycan Tibb Universitetinin professoru Aytən Məmmədbəyli bildirib ki, müasir həyat tərzi, sürətli informasiya axını, rəqəmsal texnologiyaların həyatımıza dərin inteqrasiyası, artan psixoemosional gərginlik və xroniki stres insanların yuxu keyfiyyətinə ciddi təsir göstərir. Bu gün yuxu pozuntularına təkcə yaşlı insanlarda deyil, uşaqlarda, yeniyetmələrdə, gənclərdə və başqalarında getdikcə daha çox rast gəlinir.
Professor deyib ki, yuxu sadəcə istirahət deyil, beynin və bütün orqanizmin bərpa olunduğu mürəkkəb fizioloji prosesdir. Məhz yuxu zamanı yaddaş möhkəmlənir, öyrənilən məlumatlar emal edilir, hormonal balans tənzimlənir, immun sisteminin fəaliyyəti güclənir və sinir sistemi bərpa olunur. Bu baxımdan, keyfiyyətli yuxu həm fiziki, həm də psixi sağlamlığın qorunması üçün vacib şərtdir: “Xroniki yuxusuzluq və ya keyfiyyətsiz yuxu diqqət və yaddaşın zəifləməsinə, qərarvermə qabiliyyətinin azalmasına, emosional sabitliyin pozulmasına, depressiya və təşviş pozuntularının inkişafına səbəb ola bilər. Bundan əlavə, yuxu çatışmazlığı arterial hipertenziya, ürək-damar xəstəlikləri, piylənmə, 2-ci tip şəkərli diabet və metabolik sindromun inkişaf riskini artırır. Uşaqlarda isə kifayət qədər yatmamaq intellektual inkişafa, davranışa, diqqətə və məktəb nailiyyətlərinə mənfi təsir göstərir”.
Aytən Məmmədbəylinin sözlərinə görə, sağlam yuxunun qorunması üçün yuxu gigiyenasına riayət olunmalıdır. “Hər gün eyni saatda yatıb oyanmaq, yatmazdan əvvəl elektron cihazlardan istifadəni məhdudlaşdırmaq, axşam saatlarında kofeinli içkilərdən uzaq durmaq, yataq otağında sakit və rahat mühit yaratmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq və balanslaşdırılmış qidalanmaq yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”, - deyə o diqqətə çatdırıb.
Professor vurğulayıb ki, gün ərzində davam edən güclü yuxululuq həmişə sadəcə yorğunluğun əlaməti olmur: “Bu hal obstruktiv yuxu apnoesi sindromu, narkolepsiya, qalxanabənzər vəzin funksional pozğunluqları, anemiya, depressiya, bəzi nevroloji xəstəliklər və ya qəbul edilən dərman preparatları ilə əlaqədar ola bilər. Gecə kifayət qədər yatmasına baxmayaraq, gün ərzində yuxululuq hiss edən şəxslər mütləq tibbi müayinədən keçməlidirlər”.
O əlavə edib ki, yuxu pozuntularının erkən diaqnostikası və vaxtında müalicəsi təkcə həyat keyfiyyətini yaxşılaşdırmır, həm də bir çox ciddi xəstəliklərin və ağırlaşmaların qarşısının alınmasına imkan verir. “Yuxuya ayrılan vaxtı sağlamlığa qoyulan ən dəyərli investisiyalardan biri kimi qiymətləndirmək lazımdır. Sağlam yuxu sağlam beynin, sağlam ürəyin və uzunömürlü həyatın vacib şərtlərindən biridir”, - deyə Aytən Məmmədbəyli bildirib.
Müəllif - Lalə Minasazova