Mütəxəssislər “Qarabağ”ı çempion, “Kəpəz”i autsayder görür
Bakı, 17 yanvar, AZƏRTAC
“Birmənalı şəkildə deyə bilərəm ki, “Qarabağ” ölkə çempionu olacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının üçüncü və dördüncü dövrəsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, 5 komanda arasında medallar və avrokubok uğrunda gərgin mübarizə gedəcək: “Acığı, indidən nəsə demək çətindir. Ancaq “Zirə”, “Neftçi”, “Səbail”, “Araz-Naxçıvan” və “Sabah” komandalarının gümüş, bürünc, eləcə də avrokuboklar üçün mübarizə aparacaqlarını düşünürəm. Premyer Liqada qalmaq uğrunda isə “Qəbələ” ilə “Kəpəz” arasında gərgin mübarizə gedəcək”.
Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimov isə komandaların üçüncü və dördüncü dövrələrdəki çıxışının qış fasiləsində edilən transferlərdən asılı olacağını bildirib: “Mövsümün ilk yarısında komandaların bəziləri bizi müsbət və mənfi mənada təəccübləndirdi. Əvvəlki illərdə “Qarabağ”ın çempion olması ilə bağlı mövsümün ortalarında danışmaq yerinə düşürdüsə, indi öncədən fikir söyləmək olur. Düşünürəm ki, Ağdam klubu digər rəqiblər üçün əlçatmazdır. Bəlkə də “Zirə” qızıl medallar uğrunda mübarizə apara bilər. Lakin bunun üçün “qartallar” bütün oyunlarını udub “köhlən atlar”ın büdrəməsini gözləməlidir. Bu isə çətin məsələdir”.
50 yaşlı mütəxəssis ikinci yerə namizəd gördüyü komandanın adını da açıqlayıb: Gümüş medalları “Zirə” və ya “Neftçi” qazana bilər. “Sabah”, “Sumqayıt” və “Zirə” komandalarından biri həyata keçirdikləri transferlərdən asılı olaraq üçüncü yerə namizəddirlər. Dördüncü və orta sıralar uğrunda mübarizənin isə “Səbail”, “Araz-Naxçıvan” və “Turan Tovuz” arasında gedəcəyini düşünürəm. Elitanı tərk etmək ehtimalı daha yüksək olan komandalar isə “Qəbələ” və “Kəpəz”dir. Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olan “qırmızı-qaralar”ın bu il uğursuz çıxış etməsi təəccüblü oldu. Əlbəttə, yayda əsas oyunçuların kollektivdən ayrılması əsas səbəbdir. Ancaq “Qəbələ”nin elitada qalacağını düşünürəm. “Kəpəz”in Premyer Liqada qalmaq şansı çox azdır”.
Azərbaycan yığmasının sabiq hücumçusu Yunis Hüseynov isə qış fasiləsindən sonra turnir cədvəlində ciddi dəyişikliklərin olacağını düşünür: “Qarabağ” qızıl medalların sahibi olacaq. “Neftçi” yeni transferlərin səviyyəsindən asılı olaraq ikinci yeri tuta bilər. “Zirə”nin bürünc medal qazanacağını düşünürəm. Dördüncü yer üçün “Sabah”, “Səbail”, “Sumqayıt” və “Araz-Naxçıvan” mübarizə aparacaq”.
58 yaşlı veteran futbolçunun fikrincə, mövsümün sonunda elitanı tərk etməyə əsas namizəd “Kəpəz”dir: “İstəməzdim, belə olsun, ancaq Adil Şükürovun komandası 80 faiz növbəti il Premyer Liqada olmayacaq. Bunu kollektivin ev oyunlarını Gəncədə keçirməməsi ilə əlaqələndirirəm”.
Qeyd edək ki, Premyer Liqada 18 turdan sonra “Qarabağ” 41 xalla turnir cədvəlinə başçılıq edir. Hərəyə 14 xalı olan “Kəpəz” və “Qəbələ” isə 9-10-cu yerləri bölüşdürür.