Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır
Naxçıvan, 5 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə edib. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Azərbaycanın bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında müasir idman kompleksləri tikilib istifadəyə verilib. Son illər muxtar respublikada 2 olimpiya idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 8 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, stadionlar, peyntbol meydançası, yeni olimpiya ağırlıqqaldırma qurğuları, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları tikilib, yaxud quraşdırılıb. Ötən dövrdə muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanıb, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şahmat, Futbol, Voleybol, Yüngül Atletika, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman Növləri və Atıcılıq federasiyaları təsis olunub. Bundan başqa, 2013-cü ildə “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının fəaliyyəti bərpa olunub, Əlincə Stolüstü Tennis Klubu fəaliyyətə başlayıb və 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası yaradılıb.
Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı olaraq həyata keçirilməsi gənclərin bədən tərbiyəsi və idmana marağını artırır, idman klublarının və federasiyaların üzvlərinin sırası ilbəil genişlənir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün muxtar respublikada 40 minə yaxın yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.
2017-ci ildə də idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmana cəlb edilməsi istiqamətində bir sıra işlər görülüb, məktəblilərin spartakiadasının keçirilməsi, zonalar üzrə müxtəlif idman yarışlarının təşkili davam etdirilib. Muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, İslam Həmrəylik Oyunlarında 1, beynəlxalq turnirlərdə 89, Azərbaycan birinciliklərində 129 medal olmaqla, cəmi 240 medal qazanıblar. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlb edilməsi, mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunub, məktəblilərin fiziki möhkəmliyinin artırılması, ildə iki dəfə olmaqla, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü, “Şahin” və “Sərhəd” hərbi-idman oyunları keçirilib. İdman yarışlarında fərqlənmiş idmançılar haqqında məlumat bankı yaradılıb, onların uğurları kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Muxtar respublikada qadınların idmana cəlb olunması istiqamətində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Xatun” Bədii Gimnastika İdman Klubunun fəaliyyəti davam etdirilir. Hazırda muxtar respublikada 150-yə yaxın qız bədii gimnastika ilə məşğul olur. Həmçinin nazirliyin tərkibində stolüstü tennis, ağırlıqqaldırma və üzgüçülük bölmələri açılıb, bölmələrə müraciət edənlərin əksəriyyətini gənc qızlar və oğlanlar təşkil edir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən Şərur Olimpiya İdman Kompleksində qızların idmana cəlb edilməsi, idmanın kütləviliyinə nail olunması məqsədilə üzgüçülük, bədii gimnastika və həndbol üzrə bölmələr fəaliyyət göstərir, həmçinin bu bölmələrdə çalışan məşqçi-müəllimlər ixtisasartırma kurslarına göndərilir.
İstifadəyə verilən müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açıb. Son illər bu imkanlardan lazımınca istifadə olunur, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançı muxtar respublikada keçirilən yarışlarda iştirak edir. Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı, 2012-ci ildə MMA Qran-Pri üzrə Şərqi Avropa çempionatı, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə “Dünya Kuboku” uğrunda yarış, 2017-ci ildə “Heydər Əliyev” beynəlxalq boks turniri və digər mötəbər idman tədbirləri keçirilib, idmançılarımız muxtar respublikanı və ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə ediblər.
Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu var. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr də məhz bu məqsədə xidmət edir. Ötən il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə etsinlər. Ona görə də Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi istiqamətində fəaliyyətlərini gücləndirməli, idmanın kütləviliyi təmin olunmalı, idman obyektlərindən və qurğularından istifadə əhali üçün əlçatan olmalıdır”.
Sevindirici haldır ki, bu gün muxtar respublikada qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu