REGİONLAR
Muxtar respublikada yaradılan toxum bankı ailə və fermer təsərrüfatlarına ödənişsiz toxum paylayır
Naxçıvan, 27 mart, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən “Araz” Elm İstehsalat Birliyində yaradılan toxum bankı tərəfindən toplanaraq artırılan yerli toxum materialları ailə təsərrüfatları və fermer təsərrüfatlarına ödənişsiz paylanılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bəzi unudulmaqda olan kənd təsərrüfatı bitkiləri nümunələri toplanıb çoxaldılaraq toxum bankında saxlanılır. Hazırda toxum bankı tərəfindən 702 adda toxum nümunələri toplanıb. Burada sınaqdan çıxarılan və yerli şəraitə uyğunlaşan məhsuldar toxum sortlarının, eləcə də bərpaolunan toxumların qorunması və çoxaldılması sahəsində mühüm işlər görülür.
Son illərdə muxtar respublikada “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Araz” Elm İstehsalat Birliyinin sahələrində yerli toxum sortlarından istifadə edilərək yüksək məhsuldarlıq əldə olunur.
Qeyd edək ki, toxum bankı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında 2018-ci ildə yaradılıb.