Nахçıvаn Şəhər Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsində nümunəvi məşğələ təşkil edilib
Naxçıvan, 8 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 2021-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq, Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat və fəaliyyətin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 10 təlim nöqtəsindən ibarət məşğələdə müəyyən olunmuş müasir tədris metodlarından geniş istifadə edilib.
Məşğələnin planına uyğun olaraq ilk növbətçi yanğınsöndürmə xidmətlərində yerbəyer keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul edilməsi təmin olunub. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, radiotelefonçulara aid sənədlərin işlənilməsi şəxsi heyətə çatdırılaraq, növbələrin həyəcan siqnalı ilə qaldırılması əyani şəkildə məşq etdirilib.
Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrinə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurulması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Şöbədə şəxsi heyətin istifadəsinə verilmiş yanğınsöndürənin müasir döyüş paltarlarının və avadanlıqlarının istifadə və onların saxlanılması qaydaları haqqında da məlumat verilib. Plana uyğun olaraq şöbədə olan maddi vəsaitlərin uçotunun, aylıq, rüblük və illik üzləşmələrin aparılması, anbara mədaxil və məxaric olunan əşya-əmlakların qeydiyyatının aparılması üzrə cavabdeh vəzifəli şəxslərə məlumatlar verilərək, onların nəzəri bilikləri təkmilləşdirilib.
Sonda Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov məşğələyə yekun vuraraq, şöbədə şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması istiqamətində cavabdeh vəzifəli şəxslərə və şəxsi heyətə tapşırıqlar verib.