MƏDƏNİYYƏT
Nahid Bağırov: Assosiasiya turizm sahəsində fəaliyyət göstərən sahibkarlara yardım edəcək
![](/files/galleryphoto/2018/3/1200x630/1543504766724637861_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15435047663146441249_1200x630.jpg)
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuraya üzv seçilib.
AZTA-dan AZƏRTAC-a bildirilib ki, yeni yaradılmış İctimai Şuranın təqdimatı bu gün keçirilib.
KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, İctimai Şuraya qeyri-hökumət və ictimai təşkilatlardan 15 nümayəndə daxildir. İctimai Şuraya Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov sədr seçilib.
AZTA-nın sədri Nahid Bağırov bildirib ki, assosiasiya ictimai təşkilat olaraq, daima kiçik və orta sahibkarlığın səmərəli inkişaf etdirilməsinə, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinə töhfə verməyə hazırdır. “İnanıram ki, Azərbaycan Turizm Assosiasiyasının KOBİA yanında yaradılan İctimai Şuraya üzv seçilməsi həm turizm sahəsində fəaliyyət göstərən sahibkarlara, həm də onların qarşılaşdığı problemlərin səmərəli həllinə yardım edəcək”, - deyə N.Bağırov qeyd edib.