NATO-NUN EKSPERTLƏRİ MƏSLƏHƏTLƏŞMƏLƏRİNİ BAKIDA KEÇİRƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 27-dən 29-dək Bakı şəhərində Planlaşdırma və analiz prosesi (PARP) üzrə ekspertlərin məsləhətləşmələri, həmin ayın 28-dən 30-dək Norveçin Trondheim şəhərində “Mülki əhalinin kimyəvi, bioloji və radioloji təhdidlərdən mühafizəsi üçün minimum hazırlıq standartları və təminatlar” sənədi ilə bağlı konfrans təşkil olunacaqdır.
Bundan başqa, yanvarın 26-dan 30-dək Almaniyanın Oberammerqau şəhərində NATOstrateji Əməliyyat mülki-hərbi əməkdaşlıq üzrə, Axen şəhərində isə yanvarın 26-dan fevralın 5-dək NATO-nun maddi-texniki təminat kursları keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.