Naxçıvanda ilk dəfə keçirilən “Mental aritmetika” müsabiqəsinə yekun vurulub
Naxçıvan, 8 fevral, AZƏRTAC
Muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında keçirilən “Mental aritmetika” müsabiqəsinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iki mərhələdə keçirilən müsabiqə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.
Müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində yaradılan innovativ dərnəklər sırasında şagirdlərin zehni bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayan Mental-aritmetika dərnəyinə şagirdlərin marağı daha çox olub, qısa müddət ərzində 200-dən çox şagird həmin dərnəklərə cəlb edilib.
Qeyd olunub ki, məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Mental-aritmetika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilib, təlimlərdə muxtar respublika üzrə 30-dan çox müəllim iştirak edib.
Sonra yarışa start verilib. Müsabiqənin şəhər və rayon mərhələsi 2 turda keçirilib. Müsabiqədə qaliblərin seçilməsi üçün münsiflər heyəti yaradılıb, düzgün cavablar 3, 5, 10 bal sistemi ilə qiymətləndirilib.
I mərhələdə 6-9 yaş kateqoriyası üzrə 1-ci turda 80, 10-14 yaş kateqoriyası üzrə 2-ci turda isə 120 olmaqla, ümumilikdə, 200 şagird iştirak edib. İştirakçılardan hər iki yaş kateqoriyası üzrə ən yüksək xal toplayan 30 şagird muxtar respublika mərhələsində yarışmaq hüququ qazanıb.
Yekun nəticələrə görə, 6-9 yaş kateqoriyası üzrə Ordubad rayon 3 nömrəli tam orta məktəbin dördüncü sinif şagirdi Əsma Ağayeva I, Hacıvar kənd tam orta məktəbin ikinci sinif şagirdi Mövlan Cəfərli II, həmin məktəbin üçüncü sinif şagirdi Əzim Hacıyev III, 10-14 yaş kateqoriyası üzrə isə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Vüsalə Cəfərli I, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi Nəsrin Kərimova II, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yeddinci sinif şagirdi Mirməhəmməd Seyidov isə III yerin qalibi olub.
Müsabiqənin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.