Naxçıvanda Nəsrəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib












Naxçıvan, 15 mart, AZƏRTAC
Martın 15-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli alim, astronom Nəsrəddin Tusiyə həsr olunmuş V-IX sinif şagirdləri arasında II fizika-riyaziyyat olimpiadasının şəhər-rayon mərhələsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 8 mərkəzdə təşkil olunan olimpiadada məktəb mərhələsində qalib olan 1200-dən artıq şagird iştirak edib. Olimpiadada şagirdlərə fizika-riyaziyyat fənlərindən ayrı-ayrılıqda 25 sual təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb. Bu mərhələdə uğur qazanan şagirdlər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.