“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə yeni maddi mədəniyyət nümunələri təhvil verilib
Naxçıvan, 29 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 6 ədəd maddi mədəniyyət nümunəsi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə təhvil verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bunlardan 4-ü məzarüstü sənduqə, 2-si isə dibək daşıdır.
Həmin əşyalar 2021-ci ildə Naxçıvanqala yaxınlığında yerləşən Heydər Məscidi Kompleksinin inşası üçün aparılan qazıntı işləri zamanı tapılıb. Tapılan maddi mədəniyyət nümunələri Naxçıvanqalanın tarixinin müəyyənləşdirilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.