“Nə vaxt imtahan verəcəyimi gözləyirəm” – 63 yaşlı müəllim
Bakı, 1 avqust, AZƏRTAC
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakı könüllüdür. 63 yaşlı Vera Xaritionovna Silukova 30 ildən artıqdır ki, Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə müəllim işləyir.
Vera Silukova müəllimlərin seritifikatlaşdırılması imtahanı ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
O deyir ki, 63 yaşı olmasına baxmayaraq çox fəaldır. İlk sertifikatlaşdırma imtahanlarında səhhəti ilə əlaqədar iştirak edə bilməyib. Növbəti imtahanlarda isə 60 yaşdan yuxarı müəllimlər üçün verilən qərar ona mane olub. Deyir ki, könüllü əsaslarla imtahan verməyə hazırlaşır və nəticəsinin uğurlu olacağına əmindir: “İxtisasımdan, tədris etdiyim fəndən 50 baldan yuxarı nəticə göstərəcəyimə əminəm. Müəllim hər gün dərs dediyi fənn üzrə imtahan verməkdən qorxmamalıdır. Ən əsası, biliyi varsa, müəllim özünü sınamaq istəyəcək. Bu, həm də müəllimin nüfuzunun artmasına xidmət edir. Valideynlər imtahan nəticələrini bilir və müəllimin biliyinə daha çox güvənirlər”.
Sertifikasiya öncəsi mühit də Vera müəllimin ürəyincədir: “Sertifikasiyanın yaratdığı mühit mənə çox xoş gəlir. Hamı oxuyur, təkrar edir, imtahana hazırlaşır. Mən də səbirsizliklə gözləyirəm ki, nə vaxt imtahan verəcəyəm”.