Neft-Kimya Prosesləri İnstitutunda “Ən yaxşı elmi məqalə” müsabiqəsi keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 35 yaşa qədər gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məqalə” müsabiqəsi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, gənc tədqiqatçıların yüksək impakt faktorlu və mühüm elmi bazalara daxil olan jurnallarda 2020-ci il üzrə çapdan çıxmış 31 elmi məqaləsi institutun rəhbərliyi tərəfindən qiymətləndirilib. Sonra 9 tədqiqatçının müəllifi olduğu 13 məqalə müsabiqədə iştirak üçün komissiya üzvlərinə - institutun direktoru, akademik Vaqif Abbasov, texnika elmlər doktorları, professorlar Hikmət İbrahimov, Təranə Məmmədova, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva və İKT şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Zaur Ağamalıyevə təqdim olunub. Elmi nəticələr komissiya tərəfindən qiymətləndirilib, müsabiqə iştirakçıları arasında Ayaz Məmmədov, Zeynəb Həşimzadə 1-ci, Aygün İsayeva, Mehriban Nağıyeva, Necla Nəbiyeva, Gülay Rüstəmli 2-ci və Nərmin Babanlı, Kəmalə İsrafilova, Elnarə Musayeva 3-cü yerə layiq görülüblər.