İDMAN
“Neftçi”nin bombardiri: Bundan sonra hər kəs fərqli komanda görəcək

Bakı, 5 dekabr, AZƏRTAC
“Zirə” ilə ağır oyun keçirdik. Amma yekunda bizə vacib olan üç xalı qazana bildik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin futbolçusu Rəhman Hacıyev Premyer Liqanın XV turunda "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən deyib.
Görüşdəki yeganə qola imza atan yarımmüdafiəçi fərqləndiyi üçün sevincli olduğunu bildirib: “Məni ən çox sevindirən məqam isə komanda olaraq yaxşı oyun nümayiş etdirib qələbə qazana bilməyimizdir. Təbii ki, bu matçla hər şey bitmir. Bu ay daha üç oyunumuz var. Həmin görüşlərin hər birindən qələbə ilə ayrılmalıyıq. Ümid edirəm ki, yaxşı nəticə göstərərək, təlim-məşq toplanışına yüksək motivasiya ilə gedə biləcəyik”.
Hazırda 5 qolla “Neftçi”nin bombardiri olan və bu komandada ən məhsuldar mövsümünü keçirən 30 yaşlı futbolçu son oyunlardakı çıxışını da dəyərləndirib: “Mövsümə yaxşı başlamağıma baxmayaraq, daha artığını etmək niyyətindəyəm. Nə qədər ki, mənə şans verilir, bunu maksimum dəyərləndirməyə çalışacağam. Ötən il aldığım zədəyə görə geri düşdüm və bir çox oyunda iştirak edə bilmədim. Amma artıq baş məşqçimiz Adrian Mutu mənə güvənir və daha çox şans verir. Mənə bəslənən ümidləri həm özüm, həm komandam üçün doğrultmağa çalışacağam”.
Onun sözlərinə görə, komandanın hazırda nümayiş etdirdiyi oyundan çox adam narazıdır: “Tənqid edənlərin haqlı olduğunu düşünürəm. “Neftçi” daha yaxşısını etməlidir. Bunun üçün də xeyli çalışmalı və zəif cəhətlərimizin üzərində işləməliyik. Bundan sonra hər kəs fərqli “Neftçi” görəcək. Həm özümə, həm komandama, həm də baş məşqçimə güvənirəm”.
Qeyd edək ki, “Neftçi” hazırda 22 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.