Neonasizm hazırda Avropanı təhdid edən problemə çevrilir
Paris, 5 dekabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bərabərlik və qeyri-diskriminasiya komitəsinin növbəti iclasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova “Neonasizmin qarşısının alınması” mövzusunda məruzə ilə çıxış edib.
S.Qafarova deyib ki, neonasizm hazırda Avropanı təhdid edən və getdikcə daha çox hiss edilən bir problemə çevrilməkdədir. Neonasizm, sadəcə, millətlərə nifrət deyil, onun əsasını irqçilik təşkil edir. Əlbəttə, bu gün dünyanı təhdid edən başlıca təhlükələrin və bəşəriyyətin üzləşdiyi bir çox problemlərin, sülhə qarşı yönəlmiş davranışların da təməlində məhz bu irqçilik durur. Bunun nəticəsində də dünyada müharibələr, işğallar baş verib və verməkdədir. Bu problemlərin həlli bizim özümüzdən, birgə əməkdaşlıqdan asılıdır.
S.Qafarova bildirib ki, gələcək məruzələrdə təhsil və təlimlə bağlı məsələlər də öz əksini tapmalıdır. Çünki uğurlu maarifləndirmə və düzgün qurulmuş ideoloji işlə bu problemlərin həllinə dəstək vermək olar. Əlbəttə, neonasizmin milliyyəti, dini yoxdur, o hər kəsi, hər bir xalqı, hər bir dindən olan insanı təhdid edir.
Deputat deyib: “Əgər biz neonasizm haqqında danışırıqsa, mütləq bunun qarşılığı haqqında da danışmalıyıq. Neonasizmin alternativi tolerantlıq, multikultural dəyərlərin qorunması və inkişafıdır. Biz bunu Azərbaycanın timsalında daha aydın görə bilərik. Bu gün multikulturalizm Azərbaycan dövləti üçün, sadəcə, bir siyasi dəyər deyil. Bu, tariximizdən gələn dəyər, bizi birləşdirən normadır, Azərbaycan xalqının həyat tərzidir.
S.Qafarova qeyd edib ki, Azərbaycan dövləti üçün multikulturalizmin əhəmiyyətini göstərən kifayət qədər faktlar var. Ölkəmiz hər il müvafiq tədbirlərə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu fəaliyyət göstərir. Bu qurumların fəaliyyətinin əsas məqsədi məhz multikultural dəyərlərin təbliğidir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris