Nəqliyyat-logistika sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Bakı, 26 mart, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılmsı ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti müzakirələr nəqliyyat-logistika, o cümlədən yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla aparılıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qurumun təşkilatçılığı ilə keçirilən müzakirələrdə pandemiya səbəbindən bir çox ölkələrdə sərhədlərin bağlanması və xüsusi rejimin tətbiqinin nəqliyyat-logistika sektoruna da təsir göstərdiyi qeyd olunub, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.
Sahibkarlara koronavirus infeksiyasının özəl sektora təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflər hazırlandığı bildirilib.
Müzakirələrdə özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinin daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub. Müzakirələrdə Vergilər Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.