Nəsimi rayonunda orta məktəbdə şagirdlərə narkomaniyanın zərəri barədə məlumat verilib






Bakı, 17 mart, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 159 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə - sağlam həyata təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
İşçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, məktəbin direktoru, rayon polis şöbəsinin rəis müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul nümayəndəsi, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, həmçinin aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.
Tədbirdən əvvəl məktəbin foyesində yuxarı sinif şagirdlərinin narkomaniyanın insan sağlamlığına vurduğu zərərləri əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Maarifləndirici tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.